Azərbaycan məhkəmələrində bir həyula dolaşır…

Məhkəmələr uşaqla bağlı mübahisələrdə hələ də 1959-cu il bəyannaməsinin artıq qüvvədə olmayan müddəasına istinad edir. Bu yanaşma nə dərəcədə əsaslıdır?

Azərbaycan məhkəmələrində bir həyula dolaşır…

Qəribədir! Əslində “qəribə” yazandan sonra fikirləşdim nə qəribəsi, əsl tragikomediyadır. Bir ədliyyə sistemi düşünün ki, həmin sistemdə məhkəmələr illərdir bir beynəlxalq bəyannaməyə istinad edərək mübahisə həll edirlər, amma bəyannamə əslində yoxdur. Bəli, yanlış oxumadınız! İllərdir Azərbaycan məhkəmələri uşaq tələbi, yaxud el dili desək, “himayə işləri” ilə bağlı işlərdə istinad etdikləri 1959-cu il tarixli BMT Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipi əslində yoxdur. Texniki terminlə ifadə etsək, sözügedən prinsip hüquq aləmində mövcud deyil (null and void).

Ümumiyyətlə beynəlxalq hüququn kodifikasiyasının özünəməxsus təbiəti var. Beynəlxalq hüquqda kodifikasiya edilmək istənilən sahədə əvvəlcə yumşaq hüquq (soft law) deyilən bir mətn qəbul edilir. Bu adətən bəyannamə, direktiv və s. formasında olur. Bu mətnlər yarı-hüquqi sənəd adlanır və məcburi qüvvəsi yoxdur. Bir müddət sonra, necə deyərlər, bu mətnlərdəki hüquqlar müzakirə edilib dövlətlər tərəfindən “həzm” edildikdən sonra həmin sahədə məcburi qüvvəsi olan konvensiyalar qəbul olunur. Beynəlxalq insan hüquqlarının kodifikasiyasında bu tendensiyasının tarixi-obyektiv səbəbləri var. Məsələn, II Dünya Müharibəsindən sonra BMT qurularkən keçmişin ağrılı təcrübələrinin bir daha baş verməməsi üçün insan hüquqlarının təsbit olunduğu məcburi qüvvəsi olan bir mətnə ehtiyac olduğu qənaətindəydi üzv dövlətlər… Ancaq problem ondaydı ki, bu mətndə hansı hüquqların qeyd ediləcəyi barədə dövlətlər ortaq məxrəcə gələ bilmirdi. Dünya iki qütblüydü… Sovet bloku siyasi və mülki hüquqlara etiraz edirdi, liberal ənənəyə sahib dövlətlər isə sosial hüquqlara… Beləliklə proses uzanırdı və planlaşdırılan məcburi qüvvəsi olan mətni qəbul etmək mümkün olmurdu. Bundan sonra həll yolu olaraq məcburi qüvvəsi olmayan və məcburi qüvvəsi olmadığı üçün hamının razılaşacağı bir mətn hazırlamaq fikrində uzlaşıldı və beləliklə, 1948 tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul olundu. Burdakı hüquqların məcburi qüvvəsi olan sənədə çevrilməyi — “əkiz paktların” qəbulu isə 18 il sonra 1966-cı ildə baş tutdu. Hələ də mübahisələr davam etdiyi üçün məcburi qüvvəsi olan hüquqlar da iki ayrı sənəddə, sosial və mədəni hüquqlar bir, siyasi və mülki hüquqlar başqa bir konvensiya ilə qəbul olunmuşdu.

Müəllif haqqında

Cabir Əliyev

Təsisçi və İdarəedici Partnyor

Firmanın təsisçisi və idarəedici tərəfdaşı olan Cabir Əliyev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür; özəl hüquq və publik hüquq sahəsində 15 illik təcrübəyə malikdir. Tikinti hüququ və FIDIC müqavilələri, mülki məsuliyyət, konstitusiya və inzibati hüquq üzrə ixtisaslaşıb. Həmçinin CEPEJ eksperti kimi BMT, Avropa Şurası və ATƏT ilə məhkəmə islahatı layihələrində iştirak edib. Marmara Universitetində Dövlət hüququ üzrə PhD, İstanbul Universitetində hüquq bakalavrı dərəcələrinə malikdir.